Yeni yaradılan institutda təhsil pulsuz olacaq

Yeni yaradılan institutda təhsil pulsuz olacaq
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq. Ən maraqlısı isə odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.

Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Xəzər TV-yə deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.

Dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan yeni təhsil ocağına hazırda inzibati bina axtarılır.

İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.