AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub

AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub
Azedupress.com-a istinadən,Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin iki istedadlı tələbəsi İsmayıl Hacıyev və İsmayıl Əvəzovun “İsmayıl və İsmayıl” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

AzMİU-nun rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın yubileyinə həsr olunmuş sərgini giriş sözü ilə Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova açıb, yubilyarı təbrik edib, ona cansağlığı, iş fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov da yubiley münasibəti ilə rektoru səmimi qəlbdən təbrik edib, ona tər güllər təqdim edib, xoş arzularını çatdırıblar.

Səmimi sözlərə, təbriklərə görə bütün çıxış edənlərə, sərginin təşkilatçılarına minnətdarlığını bildirən G.Məmmədova sərgidə iştirak edən gənclərə tövsiyələrini verib, həyatda uğur qazanmağın sirlərini bölüşüb.

Rektorun çıxışından sonra sərginin rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları gənc memarların əsərləri ilə yaxından tanış olublar. Sərgidə İ.Hacıyev və İ.Əvəzovun pastel, yağlı boya ilə çəkdikləri naturalizm, klassik realizm, abstrakt janrlarında müxtəlif mövzulu rəsmlər nümayiş olunub. Hər kəsin diqqətini cəlb edən rəsmlər barədə rektoru və qonaqları məlumatlandıran tələbələr rəsmlərin işlənmə texnikası və texnologiyası barədə onlara geniş informasiya veriblər. Sonda hər iki istedadlı memar G.Məmmədovaya rəsm əsəri hədiyyə edib.

Xatırladaq ki, sərgi aprelin 27-dək davam edəcək.