Azərbaycanın ilk qadın bəstəkar, rəssam, müğənni və aktrisası haqqında

Azərbaycanın ilk qadın bəstəkar, rəssam, müğənni və aktrisası haqqında

Azərbaycan xalqı, Azərbaycan türkləri hər zaman istedadlı, fəxr və qürur duyulası övladları ilə seçilib, tanınıb, fərqlənib. Xüsusilə də, ötən əsrdə Azərbaycanın bir çox layiqli oğul və qızları nəinki Azərbaycan tarixində, ümumiyyətlə, əhatəsində olduğu coğrafiyada, Şərq-müsəlman aləmində, türk dünyasında bir çox ilklərə imza atıb.

Həm özləri tanınıb, şöhrətlənib, həm də xalqlarını, dövlətlərini tanıtdırıb, şöhrətləndiriblər. Bu gün onlardan bir neçəsi - Azərbaycanın ilk qadın aktrisası, ilk qadın (opera) müğənnisi, ilk qadın rəssamı, ilk qadın bəstəkarı və ilk qadın Xalq şairi haqqında danışacağıq.

Düzdür, ötən illər ərzində onlar haqqında yazılıb, deyilib, amma hər halda yaddaşların yenidən təzələnməsinə, xüsusilə gənc nəslin onları tanımasına ehtiyac var.

İlk qadın aktisamız - Şimalda Gövhər, Cənubda Göyərçin...



Azərbaycanın ilk qadın aktrisası 1887-ci ildə Tiflis şəhərində, ziyalı ailəsində anadan olan Gövhər Qazıyeva olub. Orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb.

Onu da qeyd edək ki, XIX əsrin sonu - XX əsrin əvvəlləri Tiflisin teatr mühiti çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti” və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış edir.

İlk qadın aktyorumuzun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi olur. 1910-cu il oktyabrın 9-da nümayiş etdirilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçir. Həmin ilin oktyabrın 30-da “Səadət” dram dəstəsi Şəmsəddin Saminin “Gaveyi-ahəngər” pyesini tamaşaya qoyur. Tamaşada Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edir. Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayılır, Bakı qəzetləri ona məqalələr həsr edir, “Nicat” cəmiyyəti onu Bakıya çağırır.

Onun repertuarı geniş və əhatəliliyi ilə seçilir. O, Henrix Heynenin “Əlmənsur”, Loxmanovanın “Napoleonun vəfatı”, Namiq Kamalın “Qara bəla” əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynayıb. Həmçinin, Nəriman Nərimanovun “Nadir şah” pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” tamaşasında Hafizə, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərində Pərizad obrazlarını canlandırır.

Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Gülnaz, “Leyli və Məcnun”da Leyli rollarının ifa edir. Sonralar dahi aktyorlarımızdan olan Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu məhəbbətə çevrilir. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçürlər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olunur, Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya gedir və Varşavada “Müqəddəs Sofiya” tibb məktəbinə daxil olur, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıdır.

Ancaq Mirzağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanmalı olurlar. Gövhər Qazıyeva ikinci dəfə ərə gedəndən (bir nəfər Cənubi azərbaycanlıya) sonra bir daha səhnəyə çıxmır. 1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən aktrisamız Gövhər kimi yox, Göyərçin adı ilə tanınırmış…